ZİNDANA ATILMIŞ ƏRDƏBİLLİ QARDAŞLARIN İŞGƏNCƏLƏRƏ MƏRUZ QALDIĞI BİLDİRİLİR
2009-02-16
Fevralın 5-də ETTELAAT-ın Ərdəbil bölməsi əməkdaşlarının həbs etdiyi azərbaycanlı fəallar Ramin və İbrahim Sadiqi Əsl qardaşlarının həbsxanada müxtəlif psixi və fiziki işgəncələrə məruz qaldığı barədə məlumatlar yayılıb. Həmin gün həbs edilmiş üçüncü qardaş - Məhəmməd Sadiqi Əslin durumu barədə məlumat yoxdur.
«Media forum» saytının məlumatına görə, fəalların ailəsinə yaxın şəxslər güney mənbələrinə ETTELAAT əməkdaşlarının ərdəbilli qardaşlardan yalançı etiraf almaq üçün onları elektrik cərayanına verdiklərini, vəhşicəsinə döydüklərini, yatmağa imkan vermədiklərini, təhqir etdiklərini deyiblər. Məlumatda Raminin təzyiqlərə etiraz əlaməti olaraq bir neçə gündür aclıq aksiyasına başladığı bildirilir.
ETTELAAT əməkdaşları fevralın 5-də Ərdəbil Universitetinin tələbəsi Məhəmməd Sadiqi Əsli iş yerində, İbrahis Sadiqi Əsli isə atasının mənzilində tutublar. İbrahimin yaşadığı mənzildə geniş axtarış aparılıb, kompüter, CD diskləri, Azərbaycan dilində kitab və jurnallar müsadirə edilib. Raminin harada və necə həbs olunduğu bilinmir.
Ərdəbilli qardaşlara qarşı konkret hər hansı rəsmi bir ittihamın irəli sürülmədiyi vurğulanır.

