تبليغاتX
Guney Sesi - ADAPP aylıq hesabatı , Mart 2009-ci il

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı , Mart 2009-ci il

İran’da Azərbaycanlıların insan hüquqları pozulmaları Mart ayında da davam etmiş və Novruz (İran təqviminə görə yeni il) bayramında dövlət dairələri və məhkəmələrin tətil etmələrinə baxmayaraq təyziqlərin şiddəti azalmamışdır.

Azərbaycanlı mədəni fəallar əsassız olaraq tutulur, haqlarındakı ittihamlar bildirilmədən və vəkil tutmaq hüquqları verilmədən nəzarətdə saxlanılır.

Bu müddətdə təhlükəsizlik məmurları tutulanlara şiddətli işgəncələr tətbiq edərək onları əsassız ittihamları qəbul etməyə məcbur edir və bunun nəticəsində fəallara ağır hökümlər verilir.

Fəallara göstərilən işgəncələr

5 Fevral 2009 tarixində Ərdəbildəki evində nəzarətə alınan Azərbaycanlı mədəni fəal Ramin Sadiqi, hələ də Ərdəbil şəhərinin Ettelaat (Kəşfiyyat Təşkilatı) mərkəzində saxlanılmaqdadır. Müxtəlif mənbələrin verdiyi məlumata görə, Sadiqi şiddətli fiziki və psixoloji işgəncələrə məruz qalmaqdadır.

Müstəntiqlərin Ramin Sadiqi və qardaşı Məhməd Sadiqini bir neçə gün ərzində tək ayaqlarından tavana asaraq işgəncə etdikləri; əsassız cinayət senarilərini qəbul etdirərək etiraf almaq məqsədilə məhbusu müvəqqəti saxlama otaqlarında tutaraq, çarxıfələk adlı işgəncə alətindən istifadə edərək, bədəninin həssas yerlərinə elektrik şoku verərək, şiddətlə döyərək və şallaqlayaraq, uzun muddət yuxusuz saxlayaraq və təhqirlər edərək əziyyət etdikləri bildirilmişdir.

Bir şahidin ifadələrinə görə Ramin və Məhməd Sadiqi, şiddətli fiziki və psixoloji işgəncələr altında əsassız ittihamları etiraf etməyə məcbur qalmışdılar.

Bu etiraflarda məhbuslar, digər 3 Azərbaycanlı fəalla birlikdə Muğan şəhərində (İran və Azərbaycan Respublikaları arasındakı sərhəddi təşkil edən) Araz çayını keçərək sərhəddin digər tərəfindəki xarici güclərlə əlaqə qurub, onlardan CD və bildiriş alaraq Azərbaycan hərəkatının inkişafını təmin edəcək qaynaqları əldə etdiklərinə dair cinayət senarisini qəbul etmişlər.

Bununla yanaşı, məhbuslar digər Azərbaycanlı fəalların əleyhinə yalan etiraflar etməyə, xüsusilə də tanınmış fəal Abbas Lisani və həyat yoldaşıla əlaqədar əssasız ittihamları qəbul etməyə məcbur olmuşdular.

Səlahiyyətlilər, Sadiqinin ailəsinə özünün istintaqının başa çatmasından sonra, Novruzdan (İran təqvimində ilin ilk günü) əvvəl azad edəcəklərini söyləmişlər. Ramin Sadiqi, Ərdəbil məhkəməsində işi araşdıran məmurun suallarına verdiyi cavablarda, işgəncə altında verdiyi etirafları rədd etmiştir. Bunun ardınca işə baxan hakim Sadiqinin təkrar Ərdəbil Ettelaat Mərkəzinə geri qaytarılmasına və tutulmasının davam etməsi qərarını vermişdir.

Məhbusun qardaşı olan Məhməd Sadiqi 14 Mart 2009 tarixində 17 gün nəzarətdə saxlanılmasından sonra 30 min dollar təminat qarşılığıda sərbəst buraxılmışdır.

Ramin Sadiqi, daha əvvəl 21 Fevral 2007 tarixində Dünya Ana dili tədbirlərində bildirişlər yaydığı üçün nəzarətə alınmış və bir aydan sonra təminat qarşılığında sərbəst buraxılmışdı. Beynəlxalq Əfv Təşkilatı, bu mövzuda yayımladığı hesabatda Ramin Sadiqini vicdan məhbusu elan edərək dərhal sərbəst buraxılmasına çağırmışdır.

Həbs cəzaları

Rəşt şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin hakimi Mustafavi tərəfindan Azərbaycanlı insan hüquqları müdafiəçisi Vədud Əsədiye 1 il və Rəşt Universiteti İnşaat Mühəndisliyi ixtisası tələbəsi fəal Hüseyn Rəhimiyə 6 ay həbs cəzası verildi.

Son iclası 28 fevral şənbə günü vəkilsiz və bağlı olaraq keçirilən məhkəmədə Azərbaycanlı insan hüquqları müdafiəçisi Vədud Əsədi və tələbə fəal Hüseyn Rəhimi, "milliyyətçilik" və " rejim əleyhinə təbliğat " ittihamlarıyla mühakimə olundular.

Adı çəkilən fəallar 2008-ci ilin iyun ayında Rəşt şəhərinin asayiş keşikçiləri tərəfindan saxlanılaraq Ettelaat (Kəşfiyyat və Təhlükəizlik Təşkilatı) mərkəzində bir aydan çox vaxt ərzində nəzarətdə saxlanılmışlar. Tutulanların təxminən saxlanma müddəti sonunda müvəqqəti saxlama otaqlarında, fiziki və psixoloji təyziqlərə məruz qaldıqları bildirilmişdir. Bu müddət ərzində vəkilləri və ailələri ilə görüşdürülməyən tutulanların ailə üzvləri bütün cəhdlərinə baxmayaraq səlahiyyətli şəxslərdən fəallarin tutulduqları yer haqqında məlumat ala bilməmişlər.

Beynəlxalq Hüquq Müdafiəçilərini qoruma Təşkilatı " Front Line " tərəfindan 8 avqust 2008 tarixində yayımlanan bildirişdə Vədud Əsədinin azad edilməsi çağırışı etmişdi.

Geomorfoloji ixtisası məzunu olan Vədud Əsədi, Ərdəbil Azad Universiteti tələbə birliyinin keçmiş sədri və bağlanılmış Azərbaycan mədəniyyət və folklor jurnalı "Səhər"in yazı işləri müdiridir.

Vədud Əsədi daha öncə 2006-çı ilin may ayında İranda Azərbaycanlıların etiraz nümayişləri zamanı Ərdəbil şəhərində tutulmuş və 40 gün nəzarətdə saxlanıldıqan sonra azad edilmişdi.

Təbrizdə Şərqi Azərbaycan əyaləti Appeliyasiya məhkəməsi, Azərbaycanlı mədəni fəal İrəc Huseyniyə qiyabi olaraq 2 il həbs cəzası verdi. Daha əvvəl Təbriz cəza məhkəməsinin 11-ci şöbəsi tərəfindən "asayişi pozmaq və qanunsuz nümayişlərə qatılmaq" ittihamı ilə bu fəala 4 ay həbs və 30 şallaq cəzası verilmişdi. Hüseyni, 21 may 2008-ci il tarixində, İranda Azərbaycanlıların dövlət qəzetində dərc olunan təhqir xarakterli karikaturaya etiraz nümayişlərinin ikinci ildönümündə saxlanılmışdı.

İran İslam Respublikası Konstitusiyasının 27-ci maddəsinə görə, ölkədə İslam dininin əleyhine olmamaq şərtilə hər cür nümayişə qoşulmaq azaddır.

Ərdəbil əyalətinə bağlı Meskin şəhərində İslam İnqilab Məhkəməsi tərəfindan Azərbaycanlı mədəni fəal Beytullah Berzəgərə 5 ay şərtli həbs cəzası verildi. "CD və bildirişlər yayaraq rejim əleyhinə təbliğat və milliyyətçilik etmək" ittihamı ilə mühakimə olunan fəalın məhkəmə prosesi vəkilsiz və qapalı keçirildi.

Gənç Azərbaycanlı tələbə məhkəməyə çağırıldı

16 yaşındakı Azərbaycanlı tələbə İbrahim Nuri, Əhər şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindan məhkəməyə çağırılmışdır. İbrahim Nuri, İranda Azərbayanlıların dövlət qəzetində yayımlanan təhqir xarakterli karikaturaya qarşı etiraz nümayişlərinin birinci ildönümü olan 22 May 2007-ci il tarixində Əhər şəhərində saxlanılmışdı.

Məhkəmə tərəfindan göndərilən çağırışa görə İbrahim Nuri, İranda Novruz tətilindən sonraki ilk iş günü olan 25 Mart 2009-cu il tarixi etibarı ilə Əhər İnqilab Məhkəməsinə müraciət etməsi istənilmişdir. Müraciətindən sonra hakim, özünə 4 aprel 2009-cu il tarixində məhkəmədə hazır olmasını demişdir. Bir müddət əvvəl İbrahim Nuri, mədəni fəaliyyətləri səbəbiylə oxuduğu liseyin müdiri tərəfindan 3 gün müddətində məktəbdən uzaqlaşdırılmışdı.

Təhsil Hüququnun əngəllənməsi

Azərbaycanlı universitet tələbə fəalları son illərdə bir çox təyziqlərlə qarşılaşmaqda və bir çox dəfə intizam komitələrinə çağırılaraq təhsil hüququndan məhrum edilməkdədirlər.

İran Təhsil Nazirliyində universitetlər miqyasında Azərbaycanlı fəal tələbələrin siyahısının tutulduğu və bu tələbələrin magistr təhsili almalarının əngəlləndiyi bilinməkdədir.

Bu sahədə Tehran Universiteti tələbəsi fəal Qədir Qiyaninin şikayəti İdarə Ədalət Divanı və Məclis Komissiyası tərəfindan rədd edilmişdir.

Qiyani 2009-cu ildə daxil olduğu magistr pilləsində beynəlxalq münasibətlər ixtisasını qazanmasına baxmayaraq universitetdə qeydiyyatdan keçməsinə maneə törədilmiş və etdiyi müraciətlərə təhsil nazirliyi tərəfindan özünə mədəni fəaliyyətləri səbəbilə siyahıya salındığı və magist təhsilindən kənarlaşdırıldığı deyilmişdir.

Daha əvvəl Təbriz Universitetində Emin İmami, Nahid Babazadə, Səməd Paşayi və Nadir Mehdi Qarabağ adlı Azərbaycanlı mədəni fəallar magistr təhsili almaqdan uzaqlaşdırılmışdır.

Mağaza və Dükanların türkcə adlarının dəyişdirilməsi

Müxtəlif mənbələrin verdiyi məlumatlara görə son aylarda İran Azərbaycanının bir çox şəhərində adları türkcə olan məkanlara qarşı məhdudiyyətlər artmaqda və bu məkanların bir çoxu tək bir xəbərdarlıqdan sonra bağlanmaqdadır.

19 mart cümə axşamı günü Azərbaycanlı fəal Abbas Lisani, Ərdəbil əyalətinin təhlükəsizlik şurası tərəfindan göndərilən bir xəbərdarlıq məktubu ilə dükanın türkcə adının dəyişdirilməsi mövzusunda xəbərdarlıq edildi.

Göndərilən xəbərdarlıqda Lisaninin sahibi olduğu dükanın adı 21 mart şənbə gününə qədər dəyişdirilmədiyi halda, asayiş keşikçilərinin bu dükanı bağlayacaqları bildirildi.

Abbas Lisaninin sahibi olduğu dükan adını Koroğlu dastanının Azərbaycan nüsxəsindəki "Çənlibel" qalasından götürür. Dastanın Türkiyə nüsxəsində Camlıbel adıyla adlandırılan qala Azərbaycanda bu adla tanınır.

İranda Azərbayanlıların ən tanınmış fəallarından biri olan Abbas Lisani, 29 oktyabr 2008-ci il tarixində 30 aylıq həbs cəzası başa çatdıqdan sonra Yəzd həbsxanasından azad edilmişdir.

Yerli mənbələrin bildirdiyinə görə Qərbi Azərbaycan əyalətinin Negedə (Sulduz) şəhərində də türkcə adı olan mağaza və dükanlar asayiş keşikçiləri tərəfindan bağlanmaqdadır. Son olaraq Afşin Poyəndənin sahibi olduğu gözəllik salonu bağlanmış və dükanın fəaliyyət göstərməsinə verilən icazə ləvğ edilmişdir. Eyni şəhərdə Azərbaycan musiqisi çalınan bir çox taksi sürücülərinin dövlət tərəfindən verilən sürücülük vəsiqələri ləvğ edilmişdir.

Bu təyziqlər keçən il Azərbaycanlı millət vəkillərinin "mağaza adlarında və lövhələrdə türkcə ad istifadə etmə qadağası"na etirazları nəticəsində bu qanunun ləvğ edilməsinə baxmayaraq tətbiq edilməkdədir.

Azərbaycanlı Sənətkarlara qarşı Təyziq

Təbrizdə tanınmış musiqiçi Həsən Dəmirçinin müdiri olduğu "Azərbaycan" musiqi məktəbi 11 mart 2009-cu ildə asayiş keşikçiləri tərəfindan bağlanmışdır. Daha öncə məktəbin idarəçiləri Şərqi Azərbaycan əyaləti Təhlükəsizlik İdarəsi və Təbriz şəhərinin Ettelaat (kəşfiyyat təşkilatı) üzvləri tərəfindan bir neçə dəfə təhsil fəaliyyətlərini dayandırmaları ilə təhdid edilmiş və məktəb dəfələr bağlanmışdır.

Musiqiçi Həsən Dəmirçi, 2006-cı ilin may ayında İranda Azərbayanlıların dövlət qəzetində yayımlanan təhqir xarakterli karikaturaya qarşı etiraz nümayişləri zamanı saxlanılmış və bir il həbs cəzası verilmişdi. Bu zaman ərzində bağlanılan məktəb Dəmirçinin azad edilməsinən sonra ədalət məhkəməsinin verdiyi icazə ilə təkrar açılmışdı.

"Azərbaycan" musiqi məktəbi 12 müəllim və 180 tələbəsiylə Təbrizdəki Azərbaycan Türk musiqi mərkəzlərindən biri olub, son illərdə İran Azərbaycanının bir çox şəhərində və xaricdə müxtəlif konsertlər vermişdir.

Tələbə jurnallarının bağlanılması

Urmiya Azad Universitetində Əmir Qəhrəmaninin məsul müdirliyi altında Azərbaycan türkcəsi və Farsca olaraq hazırlanan "Yağış" jurnalı, ilk sayında yayımlanmadan əvvəl universitetin mədəniyyət şurası tərəfindan bağlanmışdır. Jurnalın məsul müdirinin bildirdiyinə görə, Urmiya Azad Universiteti mədəniyyət Şurası, daha əvvəl universitetdə eyni adda başqa bir tələbə jurnalının yayımının "Pan Türkizm (Türkçülük) fəaliyyəti" səbəbi ilə dayandırılmasını əsas göstərərək jurnalı bağlamışdır. Jurnalın bağlanma qərarı yazıların yayımdan əvvəl universitetin mədəniyyət şurasına təqdim edildiyi zaman verilmişdir.

Son illərdə İrandakı universitetlərdə mədəni fəaliyyətlərə müxtəlif maneə qaydalar qoyulmaqdadır. Tələbə jurnallarının redaktorları jurnal yayımlanmadan öncə hazırlanan yazıları universitet səlahiyyətlilərinə verərək təsdiqlətmək məcburiyyətindədirlər.

Universitetlərin tələbə Yayımlarından Məsul Qurumun bildirişlərində isə heç bir rəsmi və ya sivil strukturun, tələbə yayımlarında çıxacaq yazı və sənədləri yoxlamağa və senzura qoymağa haqqı olmadığı bildirilmişdir.

Keçən aylarda universitetlərin Azərbaycanlı tələbələri tərəfindan yayımlanan Ulus, Nəsim, Araz, Ölük, Oyanış, Səttar Xan, Kimlik, Yoldaş, Aydın Gələcək, Qıpcaq, Yarpaq, Teləngər, Çənlibel, Yaşıl Yol, Ana Yurd, Səhər, Açıq söz, Sayan, Bulud, Hələc və İsəlay jurnallarının yayınları, universitet idarəçilərinin qərarı ilə dayandırılmışdır.

yazilib گونئی سسی GuneySesi Sat 4 Apr 2009 saat 16:43 | link |
 
offshore