«Məhbusların sayını tam dəqiqləşdirə bilmirik»
İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının prezidenti Faxtə Zamani «Azadlıq» radiosuna müsahibə verib.
-Uzun illərdir ki, İranda Azərbaycanlılar öz haqları uğrunda vuruşurlar. Onlara həm ölkə daxilində, həm də xaricdə olan fəallar da yardım edir. Vəziyyəti dəyişirmi?
-Neçə illərdir ki, bizim bu məsələnin üstündə çalışmağımıza baxmayaraq İranda azərbaycanlıların vəziyyəti hələ də ağır olaraq qalır. Hələ də həbslər, məktəblərdə ana dili tədrisinin tələbi üçün təqiblər davam edir, işgəncələr var. 2006-cı ilin may ayına olan hərəkatdan bu yana azərbaycanlıların üzərində nəzarət və basqı var. bizim gənc tələbə fəallarımızdan həbsdə olanlar var. Hətta Əhər şəhərindən 17 yaşında gəncə 11 ay həbs veriblər. Qum şəhərindən olan ruhanilər hələ də həbsdədirlər. Mədəniyyət sahəsində məşğul olan fəallarımız da həbsə atıblar.
-Bu gün İranda həbsdə neçə azərbaycanlı məhbus var və onların neçəsi siyasi məhbusdur?
-Biz məhbusların sayını tam dəqiqləşdirə bilmirik. Çünki İran qapalı məmləkətdir. Həm özü məhbuslarla bağlı məlumatı gizli saxlayır, həm də siyasi məhbusların ailələrinə basqı var ki, onlar QHT-lərə, mərkəzlər tutulan ailə üzviləri haqqında məlumat verməsinlər.
Bizdə olan məlumata görə isə hazırda həbsdə onlarla azərbaycanlı var. Azərbaycanlı məhbuslar 15-16 yaşından başlayaraq yaşlılara qədər var. Məhbusların elələri var ki, onların həbsdə olduğu uzun müddət məlum olmur, sonradan məlum olur ki, bu şəxslər həbsdə imişlər.
-Siz İran azərbaycanlılarının vəziyyəti ilə bağlı bir sıra ölkələr və onların parlamentlərində, beynəlxalq konfranslarda çıxış edirsiniz. Bu nə dərəcədə o insanlara yardım etmiş olur?
-Hər dəfə beynəlxalq səviyyədə bu məlumatlar açıqlandıqca vəziyyətə təsir edir.
Məsələn Abbas Lisani, Səid Mətin və başqa fəallarımızın adları BMT, «Amnesty International» və ayrı təşkilatlarda hallanıb. Düzdür onlara yenə də işgəncə verilir, ailələri təqibə məruz qalıb. Amma yenə də bu cür çıxışlar onların vəziyyətinə az da olsa müsbət təsir edib. Biz çalışırıq ki, bunu daha ada artıraq ki, təsiri də güclənsin.
-Bəs Azərbaycan və Qərb mətbuatı İran Azərbaycanlılarının vəziyyətini nə dərəcə qənaətbəxş şəkildə işıqlandırır?
-Azərbaycan mətbuatı bu vəziyyəti çox yaxşı işıqlandırır. Biz bu haqda fəallarımızdan da eşidirik. Həm azərbaycanlılar İrandakı həmvətənləri haqqında məlumat alırlar, həm də bu İran azərbaycanlılarının vəziyyətinə təsiri olur. Düzü, nə qədər çox işıqlandırsalar da yenə azdır.
Amma beynəlmiləl səviyyədə bu vəziyyət o qədər də işıqlandırılmır. Bu bizim öz fəaliyyətimizi genişləndirməyimizdən asılıdır ki, ölkələrin və beynəlxalq medianın diqqətini buna cəlb edək.
Bizim təşkilatımız Kanada təşkilatıdır. Üzvilərimizin çoxu kanadalılardır. Deyim ki, beynəlxalq ictimaiyyətin bizim fəaliyyətimizə marağı günbəgün artır. 2006-cı il Təbriz və digər şəhərlərdə qiyam olanda azərbaycanlılara xeyli işgəncə verildi, həbsə atıldılar. Amma biz bunu dünyanın diqqətinə çatdıra bilmədik. Amma getdikcə daha geniş auditoriyanı əhatə edə bilirik. Burada da həm Azərbaycan, həm də İrandan olan həmvətənlərimizin rolu böyükdür. Mən bu yaxınlarda Kanada parlamentində İran Azərbaycanlılarının vəziyyəti ilə bağlı çıxış elədim. Bu da kiçik uğur deyil.
Beş illik qadağa
Azadlıq Radiosu ©18.04.2009
Azərbaycanlı məktəbli beş il müddətində ana dilində təhsil istədiyini dilə gətirə bilməz.
Aprelin 17-də İran Əhər İnqilab Məhkəməsi ana dilində təhsil istəyən 16 yaşlı azərbaycanlı İbrahim Nuri haqqında belə qərar çıxarıb. İ. Nurini qanunazidd tələblər səsləndirməkdə təqsirləndirən məhkəmə onun 10 ay azadlıqdan məhrum edilməsini istəyirdi. Amma sonda məhkəmə həbs cəzasını şərti verib. Beş il ərzində İ. Nurinin qanunu pozduğu aşkarlanarsa, o, 10 aylıq həbsini çəkməli olacaq.
Məhkəmədə İ. Nuriyə belə izah olunub ki, o, beş il ərzində ana dilində təhsil, ana dilli məktəblərin açılması barədə fikirlər səsləndirə bilməz.
16 yaşlı məktəbli deyir: «Mən hansısa qanunazidd addım atmamışam. Sadəcə, ana dilində yazıb-oxumaq istəyirəm və öz dilimdə məktəblərin olmasını dilə gətirmişəm. Bizə ana dilində yazıb-oxumaq yasaqlanıb».
11 yaşından milli hərəkata qoşulan İ. Nuri ilk dəfə iki il əvvəl 2006-cı ilin may aksiyalarının birinci ildönümü tədbirlərində tutulub.
İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.
GÜNEYLİ FƏAL ƏRDƏBİL HƏBSXANASINA KÖÇÜRÜLÜB
2009-04-16
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, fevralın 5-də həbs edilərək Ərdəbil ETTELAAT idarəsinin təcridxanasına salınan fəal Ramin Sadıqi Əslin Ərdəbil həbsxanasına köçürülməsi xəbəri yayılıb.
“Media forum” saytının məlumatına görə, fəalın valideynləri güney mənbələrinə Raminin vəziyyətini öyrənmək üçün hansı hökumət orqanına müraciət etsələr də, onlara konkret cavab verilmədiyini bildiriblər. Raminin ailəsi onun həbsdə saxlandığı müddətdə müxtəlif işgəncə və təzyiqlərə məruz qaldığını, valideynləri ilə əlaqə saxlamağa icazə verilmədiyini deyiblər.
Raminin səhhətinin son dərəcə ağır olduğu da bildirilir.
İranda «Çənlibel» sözü niyə təhlükəlidir?
Azadlıq Radiosu © Maarif Çingizoğlu - 09.04.2009
Ərdəbilli fəal Abbas Lisaniyə qarşı təzyiqlər davam edir. Bu dəfə onun ailəsinin yeganə dolanışıq mənbəyi olan «Çənlibel» adlı mağazasını bağlamaq istəyirlər. Abbas Lisaninin dediyinə görə, əslində problem mağazanın adıyla bağlıdır. Ərdəbil Əyalətinin «Təmin Şurası» (qeydiyyat idarəsi) onun qarşısına iki şərt qoyub. Ya mağazanın türkcə adı fars sözüylə əvəz edilməlidir, ya da mağaza bağlanmalıdır.
Abbas Lisani deyir ona məxsus mağazanın üzərində ərəb əlifbasıyla «Çənlibel» sözü 10 ildən çoxdur yazılıb və o bu adı başqa bir adla əvəz eləmək fikrində deyil. Mağaza bağlansa belə:
«Mən başa düşmürəm niyə «Çənlibel» sözünü götürmək istəyirlər. Nə bu sözün anlamında bir xəta var, nə də yazılışında. Hər halda narahatdırlar. Guya şəhərin, bölgənin təhlükəsizliyinə «Çənlibel» dükanı təhlükə törədir. Amma mən o adı götürmək fikrində deyiləm, mağaza bağlansa da».
Abbas Lisani bildirir ki, onun mağazasının adını dəyişsələr, bundan sonra Ərdəbildə türk adıyla bir obyekt də qalmayacaq:
«Bizə hər şeyi hal edirlər, bircə öz dilimizdən başqa».
Abbas Lisani İrandakı azərbaycanlıların milli-mədəni hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunub. O, sonuncu həbs cəzasını yenicə başa vurub.
Son zamanlar İran Azərbaycanının müxtəlif şəhərlərində xüsusilə Təbriz, Urmiya, Zəncan və Ərdəbildə Azərbaycanca adlara və reklam yazılarına qarşı ciddi təzyiq dalğası başlayıb. Minlərlə şirkət, müəssisə, dükan və mağaza adları farscaya dəyişdirmək və ya bağlanmaq təhlükəsi ilə üzləşib.
Məktəbli ana dilində təhsil istədiyi üçün məhkəməyə çağırılıb
Azadlıq Radiosu © Maarif Çingizoğlu - 07.04.2009
İranın Əhər şəhərində 16 yaşlı azərbaycanlı məktəbli İbrahim Nuri ana dilində təhsil istədiyi üçün aprelin 7-də İran Əhər İnqilab Məhkəməsinə çağırılıb.Məhkəmədə sorğu-sual edildikdən sonra sərbəst buraxılan məktəbliyə məhkəmənin yekun rəyi aprelin 8-də təqdim ediləcək.
Məhkəmə İbrahim Nurini qanunazidd addımlar atmaqda ittiham edib.
16 yaşlı məktəbli deyir: «Mən hansısa qanuna zidd addım atmamışam. Sadəcə, ana dilində yazıb-oxumaq istəyirəm və öz dilimdə məktəblərin olmasını dilə gətirmişəm. Bizə ana dilində yazıb-oxumaq yasaqlanıb».
11 yaşından milli hərəkata qoşulan İbrahim Nuri ilk dəfə 14 yaşında 2007-ci ildə İranda azərbaycanlıların keçirdiyi aksiyaların ildönümü ərəfəsində tutulub.
İbrahim Nuri deyir ki, o, ana dilində təhsillə bağlı tələblərini həm məktəbdə, həm də kənarda həmişə səsləndirib. Sonuncu dəfə Dünya Ana dili günündə keçirilən tədbirdə iştirak edib və bir daha doğma dilində məktəb istəyib.
İbrahim Nurinin sözlərinə görə, bu istəklərini hər dəfə dilə gətirənlər həmişə onu kimi məhkəməyə çağırırlar.
İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 35 milyona çatdığı bildirilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı , Mart 2009-ci il

İran’da Azərbaycanlıların insan hüquqları pozulmaları Mart ayında da davam etmiş və Novruz (İran təqviminə görə yeni il) bayramında dövlət dairələri və məhkəmələrin tətil etmələrinə baxmayaraq təyziqlərin şiddəti azalmamışdır.
Azərbaycanlı mədəni fəallar əsassız olaraq tutulur, haqlarındakı ittihamlar bildirilmədən və vəkil tutmaq hüquqları verilmədən nəzarətdə saxlanılır.
Bu müddətdə təhlükəsizlik məmurları tutulanlara şiddətli işgəncələr tətbiq edərək onları əsassız ittihamları qəbul etməyə məcbur edir və bunun nəticəsində fəallara ağır hökümlər verilir.
Fəallara göstərilən işgəncələr
5 Fevral 2009 tarixində Ərdəbildəki evində nəzarətə alınan Azərbaycanlı mədəni fəal Ramin Sadiqi, hələ də Ərdəbil şəhərinin Ettelaat (Kəşfiyyat Təşkilatı) mərkəzində saxlanılmaqdadır. Müxtəlif mənbələrin verdiyi məlumata görə, Sadiqi şiddətli fiziki və psixoloji işgəncələrə məruz qalmaqdadır.
Müstəntiqlərin Ramin Sadiqi və qardaşı Məhməd Sadiqini bir neçə gün ərzində tək ayaqlarından tavana asaraq işgəncə etdikləri; əsassız cinayət senarilərini qəbul etdirərək etiraf almaq məqsədilə məhbusu müvəqqəti saxlama otaqlarında tutaraq, çarxıfələk adlı işgəncə alətindən istifadə edərək, bədəninin həssas yerlərinə elektrik şoku verərək, şiddətlə döyərək və şallaqlayaraq, uzun muddət yuxusuz saxlayaraq və təhqirlər edərək əziyyət etdikləri bildirilmişdir.
Bir şahidin ifadələrinə görə Ramin və Məhməd Sadiqi, şiddətli fiziki və psixoloji işgəncələr altında əsassız ittihamları etiraf etməyə məcbur qalmışdılar.
Bu etiraflarda məhbuslar, digər 3 Azərbaycanlı fəalla birlikdə Muğan şəhərində (İran və Azərbaycan Respublikaları arasındakı sərhəddi təşkil edən) Araz çayını keçərək sərhəddin digər tərəfindəki xarici güclərlə əlaqə qurub, onlardan CD və bildiriş alaraq Azərbaycan hərəkatının inkişafını təmin edəcək qaynaqları əldə etdiklərinə dair cinayət senarisini qəbul etmişlər.
Bununla yanaşı, məhbuslar digər Azərbaycanlı fəalların əleyhinə yalan etiraflar etməyə, xüsusilə də tanınmış fəal Abbas Lisani və həyat yoldaşıla əlaqədar əssasız ittihamları qəbul etməyə məcbur olmuşdular.
Səlahiyyətlilər, Sadiqinin ailəsinə özünün istintaqının başa çatmasından sonra, Novruzdan (İran təqvimində ilin ilk günü) əvvəl azad edəcəklərini söyləmişlər. Ramin Sadiqi, Ərdəbil məhkəməsində işi araşdıran məmurun suallarına verdiyi cavablarda, işgəncə altında verdiyi etirafları rədd etmiştir. Bunun ardınca işə baxan hakim Sadiqinin təkrar Ərdəbil Ettelaat Mərkəzinə geri qaytarılmasına və tutulmasının davam etməsi qərarını vermişdir.
Məhbusun qardaşı olan Məhməd Sadiqi 14 Mart 2009 tarixində 17 gün nəzarətdə saxlanılmasından sonra 30 min dollar təminat qarşılığıda sərbəst buraxılmışdır.
Ramin Sadiqi, daha əvvəl 21 Fevral 2007 tarixində Dünya Ana dili tədbirlərində bildirişlər yaydığı üçün nəzarətə alınmış və bir aydan sonra təminat qarşılığında sərbəst buraxılmışdı. Beynəlxalq Əfv Təşkilatı, bu mövzuda yayımladığı hesabatda Ramin Sadiqini vicdan məhbusu elan edərək dərhal sərbəst buraxılmasına çağırmışdır.
Həbs cəzaları
Rəşt şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin hakimi Mustafavi tərəfindan Azərbaycanlı insan hüquqları müdafiəçisi Vədud Əsədiye 1 il və Rəşt Universiteti İnşaat Mühəndisliyi ixtisası tələbəsi fəal Hüseyn Rəhimiyə 6 ay həbs cəzası verildi.
Son iclası 28 fevral şənbə günü vəkilsiz və bağlı olaraq keçirilən məhkəmədə Azərbaycanlı insan hüquqları müdafiəçisi Vədud Əsədi və tələbə fəal Hüseyn Rəhimi, "milliyyətçilik" və " rejim əleyhinə təbliğat " ittihamlarıyla mühakimə olundular.
Adı çəkilən fəallar 2008-ci ilin iyun ayında Rəşt şəhərinin asayiş keşikçiləri tərəfindan saxlanılaraq Ettelaat (Kəşfiyyat və Təhlükəizlik Təşkilatı) mərkəzində bir aydan çox vaxt ərzində nəzarətdə saxlanılmışlar. Tutulanların təxminən saxlanma müddəti sonunda müvəqqəti saxlama otaqlarında, fiziki və psixoloji təyziqlərə məruz qaldıqları bildirilmişdir. Bu müddət ərzində vəkilləri və ailələri ilə görüşdürülməyən tutulanların ailə üzvləri bütün cəhdlərinə baxmayaraq səlahiyyətli şəxslərdən fəallarin tutulduqları yer haqqında məlumat ala bilməmişlər.
Beynəlxalq Hüquq Müdafiəçilərini qoruma Təşkilatı " Front Line " tərəfindan 8 avqust 2008 tarixində yayımlanan bildirişdə Vədud Əsədinin azad edilməsi çağırışı etmişdi.
Geomorfoloji ixtisası məzunu olan Vədud Əsədi, Ərdəbil Azad Universiteti tələbə birliyinin keçmiş sədri və bağlanılmış Azərbaycan mədəniyyət və folklor jurnalı "Səhər"in yazı işləri müdiridir.
Vədud Əsədi daha öncə 2006-çı ilin may ayında İranda Azərbaycanlıların etiraz nümayişləri zamanı Ərdəbil şəhərində tutulmuş və 40 gün nəzarətdə saxlanıldıqan sonra azad edilmişdi.
Təbrizdə Şərqi Azərbaycan əyaləti Appeliyasiya məhkəməsi, Azərbaycanlı mədəni fəal İrəc Huseyniyə qiyabi olaraq 2 il həbs cəzası verdi. Daha əvvəl Təbriz cəza məhkəməsinin 11-ci şöbəsi tərəfindən "asayişi pozmaq və qanunsuz nümayişlərə qatılmaq" ittihamı ilə bu fəala 4 ay həbs və 30 şallaq cəzası verilmişdi. Hüseyni, 21 may 2008-ci il tarixində, İranda Azərbaycanlıların dövlət qəzetində dərc olunan təhqir xarakterli karikaturaya etiraz nümayişlərinin ikinci ildönümündə saxlanılmışdı.
İran İslam Respublikası Konstitusiyasının 27-ci maddəsinə görə, ölkədə İslam dininin əleyhine olmamaq şərtilə hər cür nümayişə qoşulmaq azaddır.
Ərdəbil əyalətinə bağlı Meskin şəhərində İslam İnqilab Məhkəməsi tərəfindan Azərbaycanlı mədəni fəal Beytullah Berzəgərə 5 ay şərtli həbs cəzası verildi. "CD və bildirişlər yayaraq rejim əleyhinə təbliğat və milliyyətçilik etmək" ittihamı ilə mühakimə olunan fəalın məhkəmə prosesi vəkilsiz və qapalı keçirildi.
Gənç Azərbaycanlı tələbə məhkəməyə çağırıldı
16 yaşındakı Azərbaycanlı tələbə İbrahim Nuri, Əhər şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindan məhkəməyə çağırılmışdır. İbrahim Nuri, İranda Azərbayanlıların dövlət qəzetində yayımlanan təhqir xarakterli karikaturaya qarşı etiraz nümayişlərinin birinci ildönümü olan 22 May 2007-ci il tarixində Əhər şəhərində saxlanılmışdı.
Məhkəmə tərəfindan göndərilən çağırışa görə İbrahim Nuri, İranda Novruz tətilindən sonraki ilk iş günü olan 25 Mart 2009-cu il tarixi etibarı ilə Əhər İnqilab Məhkəməsinə müraciət etməsi istənilmişdir. Müraciətindən sonra hakim, özünə 4 aprel 2009-cu il tarixində məhkəmədə hazır olmasını demişdir. Bir müddət əvvəl İbrahim Nuri, mədəni fəaliyyətləri səbəbiylə oxuduğu liseyin müdiri tərəfindan 3 gün müddətində məktəbdən uzaqlaşdırılmışdı.
Təhsil Hüququnun əngəllənməsi
Azərbaycanlı universitet tələbə fəalları son illərdə bir çox təyziqlərlə qarşılaşmaqda və bir çox dəfə intizam komitələrinə çağırılaraq təhsil hüququndan məhrum edilməkdədirlər.
İran Təhsil Nazirliyində universitetlər miqyasında Azərbaycanlı fəal tələbələrin siyahısının tutulduğu və bu tələbələrin magistr təhsili almalarının əngəlləndiyi bilinməkdədir.
Bu sahədə Tehran Universiteti tələbəsi fəal Qədir Qiyaninin şikayəti İdarə Ədalət Divanı və Məclis Komissiyası tərəfindan rədd edilmişdir.
Qiyani 2009-cu ildə daxil olduğu magistr pilləsində beynəlxalq münasibətlər ixtisasını qazanmasına baxmayaraq universitetdə qeydiyyatdan keçməsinə maneə törədilmiş və etdiyi müraciətlərə təhsil nazirliyi tərəfindan özünə mədəni fəaliyyətləri səbəbilə siyahıya salındığı və magist təhsilindən kənarlaşdırıldığı deyilmişdir.
Daha əvvəl Təbriz Universitetində Emin İmami, Nahid Babazadə, Səməd Paşayi və Nadir Mehdi Qarabağ adlı Azərbaycanlı mədəni fəallar magistr təhsili almaqdan uzaqlaşdırılmışdır.
Mağaza və Dükanların türkcə adlarının dəyişdirilməsi
Müxtəlif mənbələrin verdiyi məlumatlara görə son aylarda İran Azərbaycanının bir çox şəhərində adları türkcə olan məkanlara qarşı məhdudiyyətlər artmaqda və bu məkanların bir çoxu tək bir xəbərdarlıqdan sonra bağlanmaqdadır.
19 mart cümə axşamı günü Azərbaycanlı fəal Abbas Lisani, Ərdəbil əyalətinin təhlükəsizlik şurası tərəfindan göndərilən bir xəbərdarlıq məktubu ilə dükanın türkcə adının dəyişdirilməsi mövzusunda xəbərdarlıq edildi.
Göndərilən xəbərdarlıqda Lisaninin sahibi olduğu dükanın adı 21 mart şənbə gününə qədər dəyişdirilmədiyi halda, asayiş keşikçilərinin bu dükanı bağlayacaqları bildirildi.
Abbas Lisaninin sahibi olduğu dükan adını Koroğlu dastanının Azərbaycan nüsxəsindəki "Çənlibel" qalasından götürür. Dastanın Türkiyə nüsxəsində Camlıbel adıyla adlandırılan qala Azərbaycanda bu adla tanınır.
İranda Azərbayanlıların ən tanınmış fəallarından biri olan Abbas Lisani, 29 oktyabr 2008-ci il tarixində 30 aylıq həbs cəzası başa çatdıqdan sonra Yəzd həbsxanasından azad edilmişdir.
Yerli mənbələrin bildirdiyinə görə Qərbi Azərbaycan əyalətinin Negedə (Sulduz) şəhərində də türkcə adı olan mağaza və dükanlar asayiş keşikçiləri tərəfindan bağlanmaqdadır. Son olaraq Afşin Poyəndənin sahibi olduğu gözəllik salonu bağlanmış və dükanın fəaliyyət göstərməsinə verilən icazə ləvğ edilmişdir. Eyni şəhərdə Azərbaycan musiqisi çalınan bir çox taksi sürücülərinin dövlət tərəfindən verilən sürücülük vəsiqələri ləvğ edilmişdir.
Bu təyziqlər keçən il Azərbaycanlı millət vəkillərinin "mağaza adlarında və lövhələrdə türkcə ad istifadə etmə qadağası"na etirazları nəticəsində bu qanunun ləvğ edilməsinə baxmayaraq tətbiq edilməkdədir.
Azərbaycanlı Sənətkarlara qarşı Təyziq
Təbrizdə tanınmış musiqiçi Həsən Dəmirçinin müdiri olduğu "Azərbaycan" musiqi məktəbi 11 mart 2009-cu ildə asayiş keşikçiləri tərəfindan bağlanmışdır. Daha öncə məktəbin idarəçiləri Şərqi Azərbaycan əyaləti Təhlükəsizlik İdarəsi və Təbriz şəhərinin Ettelaat (kəşfiyyat təşkilatı) üzvləri tərəfindan bir neçə dəfə təhsil fəaliyyətlərini dayandırmaları ilə təhdid edilmiş və məktəb dəfələr bağlanmışdır.
Musiqiçi Həsən Dəmirçi, 2006-cı ilin may ayında İranda Azərbayanlıların dövlət qəzetində yayımlanan təhqir xarakterli karikaturaya qarşı etiraz nümayişləri zamanı saxlanılmış və bir il həbs cəzası verilmişdi. Bu zaman ərzində bağlanılan məktəb Dəmirçinin azad edilməsinən sonra ədalət məhkəməsinin verdiyi icazə ilə təkrar açılmışdı.
"Azərbaycan" musiqi məktəbi 12 müəllim və 180 tələbəsiylə Təbrizdəki Azərbaycan Türk musiqi mərkəzlərindən biri olub, son illərdə İran Azərbaycanının bir çox şəhərində və xaricdə müxtəlif konsertlər vermişdir.
Tələbə jurnallarının bağlanılması
Urmiya Azad Universitetində Əmir Qəhrəmaninin məsul müdirliyi altında Azərbaycan türkcəsi və Farsca olaraq hazırlanan "Yağış" jurnalı, ilk sayında yayımlanmadan əvvəl universitetin mədəniyyət şurası tərəfindan bağlanmışdır. Jurnalın məsul müdirinin bildirdiyinə görə, Urmiya Azad Universiteti mədəniyyət Şurası, daha əvvəl universitetdə eyni adda başqa bir tələbə jurnalının yayımının "Pan Türkizm (Türkçülük) fəaliyyəti" səbəbi ilə dayandırılmasını əsas göstərərək jurnalı bağlamışdır. Jurnalın bağlanma qərarı yazıların yayımdan əvvəl universitetin mədəniyyət şurasına təqdim edildiyi zaman verilmişdir.
Son illərdə İrandakı universitetlərdə mədəni fəaliyyətlərə müxtəlif maneə qaydalar qoyulmaqdadır. Tələbə jurnallarının redaktorları jurnal yayımlanmadan öncə hazırlanan yazıları universitet səlahiyyətlilərinə verərək təsdiqlətmək məcburiyyətindədirlər.
Universitetlərin tələbə Yayımlarından Məsul Qurumun bildirişlərində isə heç bir rəsmi və ya sivil strukturun, tələbə yayımlarında çıxacaq yazı və sənədləri yoxlamağa və senzura qoymağa haqqı olmadığı bildirilmişdir.
Keçən aylarda universitetlərin Azərbaycanlı tələbələri tərəfindan yayımlanan Ulus, Nəsim, Araz, Ölük, Oyanış, Səttar Xan, Kimlik, Yoldaş, Aydın Gələcək, Qıpcaq, Yarpaq, Teləngər, Çənlibel, Yaşıl Yol, Ana Yurd, Səhər, Açıq söz, Sayan, Bulud, Hələc və İsəlay jurnallarının yayınları, universitet idarəçilərinin qərarı ilə dayandırılmışdır.
Hidayet Sultanzadə-nin Avropa Parlamentindaki Çıxışı
Xanımlar bəylər!
Hər şeydən öncə Azərbaycan Federal Demokrat Təşkilatının bir nümayəndəsi olaraq bu konfransı orqanizə edənlərdən mənə, İranda siyasi və kültürəl həqdən məhrum edilmiş ən böyük milliyətin, yə’ni Güney Azərbaycan həqqində ki, cəmiyyəti quzey də Azərbaycan cəmiyətinin uç qatıdır və ağırlıq və önəmi siyasi fəəal və elmi kadr baxımından farslar qədərdir, danışma fürsəti verdikləri üçün təşəkürlərimi bildirirəm.
Azərbaycanlılar yeni əsirdə hər zaman bütün demokratik hərəkətlərin öncüsü olmüşlar, biz bu gələnəklərə və ənənələrə dayanaraq çalışırıq İranda yaşayan milliyətlərin Demokratik cəhətdə inkişafı uğrunda olan fəaliyətlrimzi bir yerə toplayaq.
Bunu söyləməliyəm ki, Azərbaycanın bütün siyasi və kültürəl fəalları öz qədərlərini təyin etmə həqqinə sahib olma düşüncəsində ortaqdılar ama onun məzmuni və onu İranın ictimai və siyasi sahəsində gərçkləşdirmə yolu həqqində fərqli fikirlərə sahib olabilirlər.
Buna inanıram ki öz qədərini təyin etmə həqqi terimi öz anlamını dövlət-millət fikrindən alır və bəlli bir milliyətin dövlətçiliyi üçün siyasi cəhətdən malik olduğu həqləri özündə ihtiva edir və ilk tarixi təcrübəsi Fəransə inqilabında özünü göstərdiyi kimi, öz qədərini təyin etmə həqqinin gərçək anlamı bir milliyətin, dövlətin siyasi aparatı üzərində olan demokratik kontrol etmə həqqidır. Bir milliyətin hakimiyəti həqqində olan belə bir anlayışla Azərbaycan Federal Demokrat Təşkilatı öz qədərini təyin etmə həqqi düşüncəsini və gələcəkdə demokratik şəkildə bir hükümətin qurulmasını nəzərə alır.
Çox milliyətli bir ölkədə öz qədərini təyin etmə həqqi bu dövlətçilikdə ortaq olmaqdan, bütün milliyətlərin ictimai hüquqa sahib olmalarından və bütün sahələrdə siyasi gücə ortaq olmaqdan başqa bir şey deyildir. Dövlətçilikdə belə bir ortaqlığın siyasi əbzarı və qədərini təyin etmə həqqinin gərçkleşməsi yalnız bir federativ sistemlə mümkün olabilir və bunun üçün milliyətlərin fərqli höviyətləri rəsmiyətə tanınmalı, sayqı ilə yanaşmalı və federativ ölkənin anayasasının ərkanlarından biri olmalıdır. Yeni əsirin tarixi, federalizm sahəsində bir çox nümunəyə sahibdir. Bizim burada qonağı olduğumuz dövlət, Kanada, Swıss, Berzil və başqa ölkələr də bu nümunə lərdəndirlər. Hamısından önəmli budur ki Avrupanın indiki hərəkəti bu məsirdədir.
Eyni şəkildə yeni tarix bu sahədəki teorik düşüncənin ilham qaynağıdır. Özəlliklə bunu göz önündə tutmalıyıq ki İranda yaşayan milliyətlərin bir çoxu məsəla biz Azərbaycanlılar özümüz bölünmüş millətlərik. Və bu aydın bir həqqiqətdir ki çox milliyətli bir ölkədə, milliyətlərin fərqli höviyətləri federalizmi səciyələndirən özəlliklərdən biridir.
Bizim ölkəmizin indiki siyasi quruluşu federalizm cəhətində ən kiçik bir dəyişməyə imkan vermir. Bundan əlavə onun siyasi quruluşu islah olamayacaq qədər sərt və qabadır.
İranın mətnində biz iki qaltlı qeyrinormal bir siyasi yapıyla üzüzəyik və bu milliyətlərin məseləsində böyük təsir buraxır. Birincisi, məzhəbi, ideolojik və siyasi bir sistem ki, fərqli sahələrdəki apartayd siyasətiylə bütün toplumun qabağında durub. Mən bunu totalitər bir siyasi yapı olaraq dəyərləndirirəm və ikincisi, yalnız bir milliyətin yə’ni farsların siyasi gücünə dayanan tək milliyətli bir siyasi yapı. Demək, çox milliyətli və çox kültürlü bir toplumda fars dilinin zorla ölkənin cəm’iyətinin çoğunluğunu təşkil verənlərə təhmil edilməsi. Bu olay tək başına hətta opozisiyon quruplarının arasında da bir ideolojik qarışıqlığa yol açmışdır. Onların bə’zisi demokratik həq istəyini ayırımcılıqla eşit sayabilirlər. Başqaları düşünürlər ki fərdi həqqin qurulması və ya insan həqlərinin uyqulanması adi və mütəaarif bir siyasi sistemin qurulmasına səbəb olabilər. Bu addımlar Nə qədər dəyərli və mötəbər olsalar da, fərqli milliyətlərin toplu həqlərinin əsasında bəlirlənmiş federativ bir dövlətin zəruriyətlərini vahid bir dövletin qurulmuş mərzlərinin içində tamin edəbiləməz.
Bunu düşünmək mümkündür ki milli zülm də bir dəyişiklik olmadan mövcud ideolojik totalitər siyasi sistem İranın siyasi səhnəsindən yox olsun. Eyni olaya 1979 ilinin inqilabında şahid olduq və səltənətin islam cumhuriyətinə dəiyşməsi ilə taza rejim milli zülmün payalarını daha da möhkəmləşdirdi. Buna görə bir federativ dövlətin qurulması o zaman mümkün olur ki çox milliyətli bir toplumun, tək milliyətli siyasi yapısının ərkanında bir dəiyşmə olsun və onunla ilgili fars dilinin başqa dillərə imtiyaz sahibi olması da dəiyşməlidir. Tək böödlü bir siyasi yapının qorunması çox milliyətli bir toplumda daimi çatışmalara yol açıb, barış içində bərabər yaşamanın qabağı kəsiləcəkdir.
Milli təbizlərin bir sonucu da İran toplumunda birinci dünya və üçüncü dünya rabitəsinin yaranmasıdır. Hətta əgər iqtisadi baxımdan bu ağıl və məntiqə uymasa da, bütün maddi yatırımlar və insani gəlişmələr əsasən fars bölgələrində olur. Toplumların insani sərmayəsində bilimin önəminin getdikcə artması, bizim toplulmumuzdakı milli zülm altında olan topluluqların haşiyəyə surulməsinə səbəb olub və məncə milli zülm toplumda təbəqələrin yaranmasında çox önəmli rol oynayıb və məzlum milliyətləri hakim milliyətin geyri mahir işçiləri halinə gətirmişdir.
Mənim burda sormaq istədigim soru budur: Demokratik bir sistemi, İranda zülm altındakı milliyətlərin məseləsinə bir çarə tapmadan təsəvür etmək mümkün mu? Məncə milli məselə üçün demokratik bir çarə düşünmək bizim ölkəmizdə demokrasini ortaya çıxardan əsaslardan biridir. Ayrıca buna inanıram ki bu gəlişmə eyni zamanda İranda demokratık dəiyşmə ilə bərabər irəli getməlidir. Bizim demokrasini gərçkləşdirmək üçün bir mərhələmiz və milli zülmə çarə tapmaq üçün başqa bir mərhələmiz yoxdur. Milli təb'izi yox etmək özü demokratik dəiyşimin bir bölümünü təşkil verir. Ona yetişmək üçün bu yetərli deyil ki zahirdə sekular bir sistem bu məzhəbi ideolojik hükümətin yerinə geçsin. Gərçi sekularizm və özgür seçim salim bir hükümətin zəruri ünsürləridir. Ama onlar tək başına tam demokratik bir sistemin varlığını qaranti edəbiləməzlər. Bizim bundan daha irəliyə getməmiz gərəkir. Bizim buna ehtiyacımız vardır ki fars milliyətinin hakimiyətinə dayanan tək böödli siyasi yapı ki «İran milləti» nin saxtə pərdəsinin arxasında gizlədilmişdir və buna təzahür etmək ki fars dili İrandakı bütün milliyətlərin ortaq dilidir, öz yerini çox milliyətli və çox dilli bir plural sistemə versin və bu İran toplumunun gərçəyini özündə münəkis etsin. Çünkü İran adı yalnız bir coğrafi bölgəyə xitab edilir və tək başına heç bir milli höviyyətin göstərgəsi deyildir. Onun şəkli və əndazəsi də heç bir zaman eyni olmayıb. O yüzdən belə bir məselə milliyətlərin höviyyətini göstərirkən tarixdən yalnış bir təsvir yaradıb və onların hamısını ortaq bir göstərgə yəəni İran milliyəti ilə tanıtdırır ki bu da əməldə fars milliyəti və fars dilindən başqa şəkildə təfsir olmur.
Sonucda bu ki milli təbizi məhv etmək və demokratik və federativ bir siyasi sistemi qurmaq üçün düşünülən çarə ancaq İran toplumunun içindən çıxar . Demokrasini xarici güclərin nizami (hərbi) həmlələri ilə əldə etmək mümkün deyildir. Xarici nizami (hərbi) həmlə bəlkə uzun müdətli qarışıqlığa səbəb olabilir ama demokrasinin qurulmasına səbəb ola bilməz. Əfqanistan və İraqa olan həmlə yaxşı bir nümunədir. Biz buna inanmırıq ki demokrasini nizami (hərbi) həmlə və şidət qurbanilərinin başlarının cümcüməsinin üstündə qurmaq olur. Hətta əgər demokrasıya yetişmək daşlı və qayalı bir dağdan yuxarı çıxmaq kimi çətin olsa da, biz düşünürük ki İran toplumu o dərəcə də yetginliyə və mədəni bilincə sahibdir ki başarabilir salim bir hüküməti və milliyətlərin arasındakı bərabərlik arzusunu gərçəkləşdirsin.
Bunu gərçkləşdirmək ancaq ölkənin içindəki bütün demokratik hərəkətlərin birleşməsiylə, cinsi bərabərlik üçün qadın hərəkətləri və müəlimlərin hərəkətləri, özgürlük və ictimai ədalət üçün işçilər və millətlərin birlikdəliyi və əl ələ verməsiylə mümkün olabilir. Demokratik bir sistemin qurulması üçün bizim İrandakı bütün milliyətlərin əl birliyinə ehtiyacımız var. Eyni şəkildə buna ehtiyacımız var ki, ictimai ədalət istəyi, xəlqin özgürlüyü, və ictimai yaşayışın bütün sahələrində qadınlarınan kişilərin bərabərlik ideali, öz qədərini təyin etmə həqqinin önəmli bir bölümünü təşkil versin. Beləliklə demokrasinin əsasları fərqli mədəni hərəkətlərin birlikdəlikləri ilə oluşacaqdır və federativ və demokratik bir hükümətə yetişmək çox da uzaq olmayacaqdır. David hiyum bir zamanlar söyləmişdi ki güc hər zaman insanların tərəfindədir və o ayağa qalxdığında onun iradəsindən təbəiyyət olunacaq.
Hörmətlə,
Hedayət Soltanzadeh
Çevirəni- dr. Sidiqqə Adalati
AZƏRBACANLILARI TƏHQİR EDƏN KARİKATURAYA ETİRAZINA GÖRƏ TUTULAN FƏAL MAKU HƏBSXANASINA SALINIB
Media forum(2009-04-06):
Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən fəal Əli Hüseyn Nejad aprelin 4-də Maku həbsxanasına salınıb.
“Media forum” saytının məlumatına görə, Əli Hüseyn Nejad 2006-cı ildə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikaturaya etiraz olaraq aksiyalara qatıldığı üçün 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sonradan onun həbs müddəti 8 aya endirilib.
Xoy İnqilab Məhkəməsi makulu fəalı dövlət quruluşuna qarşı çıxmaqda günahlandırıb.
MARAĞA və CULFADA NOVRUZ HƏBSLƏRİ
Media forum(2009-03-29): Bir neçə azərbaycanlı fəalın Novruz bayramı günlərində həbs olunduğu xəbəri yayılıb.
«Media forum» saytının məlumatına görə, ETTELAAT əməkdaşları vətəndaşlara Azərbaycan dilində təbrik açıqcaları yayan marağalı fəallar - İsfahanın Malik-i Əştər Universitetinin tələbəsi Mehran Rastgar və Tehranın Pəyam-i Nur Universitetinin tələbəsi Firuz Yusifini həbs edib. Hər iki fəal mülk girovu müqabilində azadlığa buraxılıb.
Digər məlumatda bildirilir ki, martın 21-də Culfanın hüquq mühafizə qüvvələrinin əməkdaşları azərbaycanlı fəallar Babək Kəyumərsi və Yılmaz Mehrəli Bəylini həbs edib. Polis qüvvələri Mehrəli Bəylinin evində saxlanan Azərbaycan türkcəsindəki kitabları özləri ilə aparıb. Culfalı fəalların iltizam alınaraq müvəqqəti azadlığa buraxıldığı vurğulanır.


